Oktyabrın 13-də Pakistan Müasir Dillər Universitetinin rəhbər heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub.

Görüşdə ADU-nun rektoru, akademik Kamal Abdulla 44 günlük Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəyə görə Pakistan dövlətinə və xalqına minnətdarlığını ifadə edib. Vurğulayıb ki, azərbaycanlılarda həmişə Pakistana qarşı sevgi hissi olub. Rektor qonaqlara ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, ADU-da 20-dən çox dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir: “Biz universitetimizdə Pakistan mədəniyyət mərkəzinin olmasını da arzulayırdıq. Tələbələrimizin, müəllimlərimizin Pakistanın tarixi, mədəniyyəti, dili ilə yaxından tanış olmasını istəyirdik. Mən bununla bağlı Pakistanın Azərbaycandakı səfirinə müraciət etdim. İstəyimiz müsbət qarşılandı və universitetimizdə Pakistan mədəniyyət mərkəzi açıldı”.

Kamal Abdulla diqqətə çatdırıb ki, yaxın günlərdə ADU-nun nümayəndə heyəti Pakistan Müasir Dillər Universitetində olacaq və orada Azərbaycan dili və mədəniyyət mərkəzinin açılışında iştirak edəcək: “Eyni zamanda istərdik ki, Pakistan Müasir Dillər Universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunsun. Bu fənn Azərbaycan tarixini, mədəniyyətini, bu gününü, dilini özündə birləşdirsin. Beləliklə, biz pakistanlı gənclərə Azərbaycan həqiqətlərini daha yaxşı çatdıra bilərik”.

Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər vurğulayıb ki, Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığı çox müsbət dəyərləndirir. Rəhbərlik etdiyi universitet haqqında məlumat verən rektor qeyd edib ki, ali təhsil müəssisəsi 1969-cu ildə Milli Xarici Dillər Universiteti kimi fəaliyyətə başlayıb: “Hazırkı adı isə Pakistan Müasir Dillər Universitetidir. Universitetin adını dəyişib Müasir Dillər və Elmlər Universiteti etmək niyyətindəyik. Çünki zaman, dövr dəyişir, biz artıq dillərdən çox-çox irəli getmişik. Universitetimizdə 5 fakültə fəaliyyət göstərir. Paytaxt İslamabaddan əlavə 9 şəhərdəki kampuslar ümumilikdə 22 min tələbəni əhatə edir. Universitetimizdə bir çox xarici mərkəzlər var. Növbəti belə mərkəz isə Azərbaycan dili və mədəniyyəti mərkəzi olacaq. Ali təhsil müəssisəsində Qərb və Şərq dilləri olmaqla 21 dil öyrənilir. İstərdik ki, Azərbaycan Dillər Universitetində Pakistan mədəniyyət mərkəzindən əlavə olaraq birbaşa bizim universitetimizlə bağlı mərkəz də açılsın”.

Sonra qonaqlar Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Pakistan mədəniyyət mərkəzi ilə tanış olublar, Məhəmməd Cəfər ADU tələbələrinə mühazirə oxuyub.