Tanınmış rəssam, pedaqoq Aydın Rzaquliyev sentyabrın 3-də, 71 yaşında vəfat edib.
O, 7 iyun 1953-cü ildə Rusiyanın Krasnoyarsk vilayətində, 1930-cu illər repressiyası zamanı sürgün edilmiş görkəmli Azərbaycan boyakarı və qrafiki, Əməkdar rəssam Ələkbər Rzaquliyevin (1903–1974) ailəsində anadan olub. 1956-cı ildə Ə.Rzaquliyev bəraət aldıqdan sonra ailəsi vətənə qayıdıb.
Aydın Rzaquliyev 1973-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1983-cü ildə isə M.Əliyev adına Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Şüşə və keramika fakültəsini bitirib.
Rəssam 1983-cü ildən mütəmadi olaraq respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. Dekorativ-tətbiqi sənətin bədii-texniki imkanlarından istifadə etməklə keramika, vitraj, şəbəkə və s. sənət növlərində çoxsaylı əsərlər yaradıb. “İki nəfər”, “Daşda həkk olunmuş Ay”, Azərbaycanın nağıl qəhrəmanlarına həsr olunmuş keramik fiqurları və digər nümunələr maraqla qarşılanıb.
Aydın Rzaquliyev müxtəlif dövrlərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kollecində və akademiyanın Bədii keramika, şüşə və metal kafedrasında müəllim kimi fəaliyyət göstərib.
Allah rəhmət eləsin.