Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov oktyabrın 14-də Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert ilə görüşüb.

Qonağı səmimi salamlayan Anar Kərimov Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu, əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu qeyd edib. Nazir əməkdaşlıqda prioritet məsələ kimi mədəni irsin qorunması, kreativ industriyanın təkmilləşdirilməsi, film və musiqi sahəsinin inkişafının zəruriliyini vurğulayıb. Anar Kərimov həmçinin işğaldan azad olunmuş torpaqlarımızda tarixi abidələrimizin bərpa prosesində çexiyalı mütəxəssislərin təcrübəsindən faydalanmağın əhəmiyyətini diqqətə çatdırıb.

Mədəniyyət Nazirliyinin “Mədəniyyət naminə sülh” (Peace for culture) beynəlxalq platforması haqqında da diplomata məlumat verən nazir Çexiyanı bu önəmli layihəyə qoşulmağa dəvət edib.

Qəbula görə minnətdarlığını bildirən səfir Milan Ekert Azərbaycanın caz musiqi ənənələrinin zəngin tarixindən söz açıb. Qonaq “Nizami Gəncəvi İli” çərçivəsində  dahi şairin əsərlərinin çex dilinə tərcüməsinin vacibliyini dilə gətirib. O, həmçinin Azərbaycanda tarixi-mədəni irsin bərpası ilə bağlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. İki ölkə arasında əlaqələrin inkişaf perspektivlərindən danışan diplomat bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını dilə gətirib.

Görüş tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.