Gürcüstan paytaxtında ənənəvi olaraq hər il təşkil edilən Tbilisoba bayramı bu il keçirilməyəcək. Bu barədə Tbilisi şəhəri merinin vəzifələrini icra edən Kaxa Kaladze məlumat verib.
Onun sözlərinə görə, əvvəlcə pandemiya səbəbindən bayram konsertinin və “Tbilisinin fəxri vətəndaşı” adına layiq görülənlərin mükafatlandırılmasının televiziya vasitəsilə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin oktyabrın 8-də Batumidə baş vermiş qəza (yaşayış binasının çökməsi) səbəbindən konsert və digər təntənəli tədbirlər də olmayacaq. Bayram tədbirinin keçirilməsi üçün büdcədən ayrılmış vəsait isə “Faciədən zərər çəkmiş insanlara yardım Fondu”na köçürüləcək.
Kaxa Kaladze qeyd edib ki, oktyabrın 23-24-də Tbilisidə bayrama həsr olunmuş “Payız hədiyyələri” yarmarkası keçiriləcək.