Lakin alandan sonra öhdəliyi də var...
İtaliyanın paytaxtı Romadan təxminən 150 kilometr uzaqlıqdakı Abruzzo bölgəsinin Pratola Peligna qəsəbəsindəki evlər 1 avroya satışa çıxarılıb.
Dağ-xizək kurortlarının yaxınlığında yerləşən qəsəbədəki 630 boş binadan 250-si satılacaq. Bu addımın atılmasına səbəb əhalisi iki dəfəyədək azalan (13 mindən 7 minə) qəsəbədə həyatı canlandırmaqdır. Qəsəbədə 1 avroya mülk sahibi olanlar həmin evləri yenidən qurmaq barədə öhdəlik götürəcəklər.
“Məqsədimiz müəyyən vaxt ərzində evlərin hamısında yaşayışı təmin etmək və onları əvvəlki gözəlliyinə qovuşdurmaqdır”, – deyə yerli bələdiyyə məclisinin üzvü Paolo Di Bacco bildirib.
O, satış prosedurlarını sürətləndirmək və alıcıları maksimum 3 il ərzində yeni evlərini qurmağa təşviq etmək üçün yeni qaydaların tətbiq edildiyini söyləyib. Evlər üçün depozit tələb olunmur, lakin mülk sahibləri 6 ay ərzində tikinti işlərinə başlamayacaqları təqdirdə, onları 10 min avro cərimə gözləyir.
Satışa çıxarılan evlər Pratola Peligna bələdiyyəsinin saytına müntəzəm olaraq yüklənir.
Qeyd edək ki, qəsəbədə yaşayan yerli əhali böyük şəhərlərə köçüb, 2009-cu ildə baş verən zəlzələdə isə buradakı evlərin vəziyyəti daha da pisləşib. Bununla belə, Alp dağlarının xizək yamaclarına yaxın olan və Orta əsrlər memarlığının üstünlük təşkil etdiyi qəsəbənin turistləri cəlb etmək potensialı var.
Bundan əvvəl də İtaliyanın müxtəlif bölgələrində də bu kimi addımlar atılmış, evlər bir avroya satışa çıxarılmışdı.
CAVİD