“Qarabağ Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək”. Mədəniyyət naziri Anar Kərimov bu sözləri Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.
Nazir bildirib ki, hökumətin əsas vəzifəsi işğaldan azad edilən bölgələri bərpa etmək və yenidən qurmaqdır: “Prezident İlham Əliyevin elan etdiyi “Böyük Qayıdış” proqramında tarixi və mədəni abidələrin bərpası da böyük yer tutur. İnsanlarımızın, mədəniyyətimizin, Azərbaycan ruhu və kimliyinin o bölgəyə dönməsi üçün mərhələli plan tətbiq edirik. Mədəni abidələrin vəziyyətini araşdırmaq və inventarlaşma üçün bölgəyə mütəxəssislər göndərmişik. Bəzi bölgələrdə artıq bərpa işlərinə başlanılıb. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada 3 məscid və 2 kilsəni bərpa edirik”.
İşğaldan azad olunmuş bölgələrdə Mədəniyyət Nazirliyi tərəfindən aparılan ilkin monitorinqlər barədə danışan Anar Kərimov bu ərazilərdəki tarixi, mədəni, dini abidələrin 95 faizinin dağıdıldığını deyib: “Ermənilərin Qarabağda dağıdıb viran qoyduqları muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının mədəni irsinə deyil, bütün İslam dünyasına, ümumilikdə isə, bəşər mədəniyyətinə qarşı vandalizm aktıdır”.
A.Kərimov vurğulayıb ki, məqsədimiz təkcə abidələri bərpa etmək deyil, bu torpaqlarımıza xalqımızın ruhunu, ənənələri, dəyərləri geri qaytarmaq və bölgəni canlandırmaqdır.