Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 30 ili tamam olur. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edib. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd edilmişdi.

Bu günlərdə Milli Məclisin müzakirəsinə çıxarılan “Müstəqillik Günü haqqında” qanun layihəsi isə Cümhuriyyətlə Azərbaycan Respublikası arasında tarixi varisliyi hüquqi müstəvidə bir daha təsbit edir. Qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq. İndiyədək təqvimimizdə 28 May Respublika Günü, 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü idi.

Müstəqillik tarixinin ən ümdə məsələsini ötən il Vətən müharibəsində həll edən Azərbaycan Respublikası 30 yaşını böyük Zəfər ruhu ilə, qalib dövlət kimi qarşılayır.