Oktyabrın 15-də Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Bolqarıstana səfəri çərçivəsində ölkənin Kitabxana Elmləri və İnformasiya Texnologiyaları Universitetində olub. Direktor universitetin rektoru, professor İrena Peteva ilə görüşüb. Rektor K.Tahirova universitetin tarixi, beynəlxalq əlaqələri, kitabxana fondu barədə məlumat verib. O, çıxışı zamanı Azərbaycan Milli Kitabxanası ilə tərəfdaşlığın qurulmasından məmnunluq hissi duyduğunu bildirib. Xanım İ.Peteva kitabxanaların birgə həyata keçirəcəyi layihələr vasitəsilə iki ölkə haqqında biliklərin daha geniş və asan şəkildə yayılacağına əminliyini ifadə edib.

Daha sonra Azərbaycan Milli Kitabxanası ilə Bolqarıstan Kitabxana Elmləri və İnformasiya Texnologiyaları Universiteti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb. K.Tahirov çıxışında kitabxana ilə universitet arasında əməkdaşlığın gələcəyinə böyük ümidlərlə yanaşdığını qeyd edib. Bildirilib ki, sənəd iki qurum arasında kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsinə imkan yaradacaq, oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını artıracaq. Memorandum eyni zamanda iki ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsində və təbliğində əhəmiyyətli rol oynayacaq, informasiya və elektron resurslar fondunun formalaşmasına töhfə verəcək.

K.Tahirov ölkəmizin tarixinə, mədəniyyətinə dair kitabları, eləcə də Azərbaycan Milli Kitabxanasının Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə nəşr etdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitabını və “Sözləri Nizaminindir” adlı CD albomu İ.Petevaya hədiyyə edib. Rektor da öz növbəsində Bolqarıstan mədəniyyətinə, tarixinə dair kitabları və universitetin nəşrlər kolleksiyasını Azərbaycan Milli Kitabxanasının fonduna bağışlayıb.

Sonda K.Tahirov təhsil ocağı ilə yaxından tanış olub. Direktora universitetin şöbələri, kitabxana fondu, kitabxananın elektron imkanları, elektron kitabxana və kataloq, tətbiq edilən qabaqcıl təcrübələr, habelə istifadəçilərə göstərilən xidmətlər haqqında məlumat verilib.