Oktyabrın 22-dən 24-dək İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu keçiriləcək.

Tədbirdə Türk Şurasına üzv ölkələr – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, müşahidəçi dövlət Macarıstanla yanaşı Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən media nümayəndələri, elm adamları, dövlət qurumları və təşkilatlarının təmsilçiləri, sosial media tanınmış simaları, universitet tələbələri olmaqla –ümimilikdə 250 nəfərin iştirakı gözlənilir.

Mediaforumun Türk Şurasının 12 noyabrda İstanbulda keçiriləcək VIII Zirvə görüşü ərəfəsində təşkil olunması diqqət çəkir.

Qeyd edək ki, media sahəsində əməkdaşlıq Türk Şurası müstəvisində üçün vacib istiqamətdir. Bu ilin aprelində Türk Şurası media və informasiya nazirləri və qurum rəhbərlərinin Bakıda keçirilən 3-cü iclasında bu sahədə əməkdaşlıq mexanizmi daha da gücləndirilərək, Koordinasiya Şurası yaradılıb, 2021-2022-ci illər üzrə Fəaliyyət Planı qəbul edilib.

Fəaliyyət Planı üzv ölkələrin milli, ictimai televiziyalar, rəsmi xəbər agentlikləri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq tarixi şəxsiyyətlərimiz haqqında serialların, sənədli, çizgi filmlərinin mədəni, tarixi mövzuda proqramların çəkilişi və mübadiləsi kimi məsələləri əhatə edir.

Mehparə SULTANOVA
Ankara