İstiqlal şairimiz, Dövlət Himnimizin sözlərinin müəllifi Əhməd Cavadın (1892-1937) Gəncı şəhərində yaşadığı evin divarına barelyefinin vurulması ilə əlaqədar mərasim keçirilib.
Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Filarmoniyası və “Cavad xan” Tarix-Mədəniyyət Fondunun təşkilatçılığı ilə gerçəkləşib.
Mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Təhsil idarəsinin rəisi Anar Qədiməliyev, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov, “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, Türkiyənin Gəncədəki Baş Konsulluğunun nümayəndəsi, şairin nəticələri Cavad Axundzadə və Nərgiz Əhmədzadə və digər qonaqlar iştirak ediblər.
Mərasimdə akademik Fuad Əliyev, AYB-nin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova və başqaları çıxış edərək Əhməd Cavadın şair, pedaqoq və tərcüməçi kimi fəaliyyətindən danışıb, onun istiqlal ideyalarının bu gün daha da aktual olduğunu bildiriblər. Gəncə Dövlət Dram Teatrınının əməkdaşları Günay Verdiyeva və Elvin Alnağıyev şairin şeirlərini səsləndiriblər. Gəncə Dövlət Filarmoniyasının solisti Pərvanə Rzayeva sözləri Əhməd Cavada məxsus olan “Gəncəm hey” mahnısını ifa edib.
Əhməd Cavadın nəticələri Cavad Axundzadə və Nərgiz Əhmədzadə istiqlal şairinin xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara və tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.
NURƏDDİN