Füzuli şəhərinin 27 ildən artıq davam edən işğalına son qoyuldu!


Müharibənin 21-ci günündə Azərbaycan Ordusu Zəfər salnaməsinə daha bir böyük qalibiyyəti yazıb. Cəbhənin cənub cinahından Füzuli istiqamətində hücumu davam etdirən Silahlı Qüvvələrimiz Füzuli rayon mərkəzinin 27 ildən artıq davam edən işğalına son qoyub, həmçinin rayonun yeddi kəndi düşməndən azad edilib. Bu, Cəbrayıldan sonra Vətən müharibəsində işğaldan azad edilən ikinci rayon mərkəzi idi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərinin işğaldan azad olunması ilə bağlı televizya vasitəsilə xalqa müraciət edib. Dövlət başçısı Füzuli şəhəri ilə yanaşı rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərinin də işğaldan azad edildiyini bildirib.

Döyüş meydanında ağır zərbələr alan Ermənistan cəbhə xəttindən uzaqda olan dinc əhaliyə qarşı növbəti xain hücumu həyata keçirib. İşğalçı dövlətin silahlı qüvvələri gecə saat 01 radələrində Gəncə şəhərinin mərkəzi hissələrini raket atəşinə tutub.

Baş Prokurorluğun məlumatına görə, bu xain hücum nəticəsində 13 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Həmçinin çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS qurğusu, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru xeyli itki verərək mövqelərini atıb və geri çəkilib. Həmçinin Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi qulluqçu döyüş mövqelərini özbaşına tərk edib.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası bölmələrimiz tərəfindən məhv edilib. Müdafiə Nazirliyi düşmənin S-300 zenit-raket kompleksinin məhv edilməsinin videogörüntülərini paylaşıb.
Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd Su-25 təyyarəsi və taktiki PUA-sı bölmələrimizin dəqiq atəşi ilə vurulub. Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları Azərbaycan Ordusunun aviasiya zərbələri ilə darmadağın edilib.

Ermənistan silahlı qüvvələrinə məxsus üç ədəd “Tor-M2KM” və bir “S-125” zenit-raket kompleksi, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi Azərbaycan Ordusunun bölmələrinin dəqiq zərbələri ilə sıradan çıxarılıb.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 17-si saat 12:00-dək 60 mülki şəxs həlak olub, 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.