II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı rəngarəng konsert proqramları ilə davam edir.   

Oktyabrın 18-də festival çərçivəsində Dövlət Akademik Musiqili Teatrında “Azərbaycan operetta inciləri” adlı konsert proqramı təqdim olunub. Teatrın orkestri, balet truppası, eləcə də Əməkdar artistlər Şövqi Hüseynov, Nərgiz Kərimova, Səidə Şərifəliyeva və başqalarının iştirakı ilə gerçəkləşən konsert maraqla qarşılanıb.

Həmin gün festivalı daha bir konserti M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşib. Azərbaycan Dövlət Xor Kapellası repertuarında olan yerli və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış edib.

Oktyabrın 19-da isə Beynəlxalq Muğam Mərkəzində festivalın “Rəşid Behbudov repertuarından incilər” adlı konserti gerçəkləşib. Konsert proqramında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Estrada sənəti kafedrasının müəllim və tələbə heyətinin ifaları musiqisevərlərin könlünü oxşayıb. Vaxtilə ölməz sənətkar Rəşid Behbudovun ifasında böyük populyarlıq qazanan Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Rauf Hacıyev, Fikrət Əmirov, Ələkbər Tağıyev, Oqtay Kazımi və başqa görkəmli bəstəkarlarımızın əsərləri yeni nəfəsdə təqdim olunub.

Vokalçılar festivalı zəngin proqramla oktyabrın 20-dək davam edəcək.

LALƏ