F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “nağıl saatı” çərçivəsində uşaq yazarı Mehriban Nağıyeva ilə görüş təşkil olunub. Görüşdə paytaxtdakı 60 nömrəli tam orta məktəbin 2-ci və 3-cü sinif şagirdləri iştirak ediblər.

Yazıçı “Xarıbülbül və Günəşin nağılı”, “Lovğa tülkü”, “Dərdli kirpi” nağıllarını, hekayə və təmsillərini oxuyub, “Qazlar”, “Şuşa”, “Gicitkən” və s. şeirlərini səsləndirib.

Uşaqların suallarını cavablandıran Mehriban Nağıyeva əsərlərinin mövzularını real həyatdan aldığını, balacalar üçün yazıb-yaratmaqdan xoşbəxt olduğunu deyib. Bildirib ki, uşaqlar üçün yazılan əsərlər, nağıllar hər bir uşağın söz ehtiyatının zənginləşməsinə və səlis nitqə malik olmasına kömək edir.

Görüşün sonunda müəllim və valideynlər “nağıl saatı”nın təşkili üçün kitabxana kollektivinə və yazıçıya minnətdarlıqlarını bildiriblər.

Sonda uşaqlara yazıçının imzaladığı “Uşaqların şeir payı”, “Əsmərin sehrli zənbili”, “Ay səni, tülkü lələ” nağıl kitabları və kitabxananın “Göy qurşağı” jurnalı hədiyyə edilib.

Qeyd edək ki, Mehriban Nağıyevanın uşaqlar üçün yazdığı 11 kitabı işıq üzü görüb. Onun əsərləri tərbiyəvi əhəmiyyətə malikdir və uşaqları yüksək mənəvi keyfiyyətlərə sahib olmağa səsləyir.