Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları 17-18 oktyabr tarixlərində “Nizami ili” çərçivəsində dahi şairin yurduna səfər ediblər. Təcrübə mübadiləsi məqsədi daşıyan səfərdə kompleksin rəhbərliyi və Elmi araşdırmalar ekspozisiya və fond şöbəsinin 14 əməkdaşı iştirak edib.

Qonaqlar ilk olaraq 2020-ci ilin oktyabr ayında Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutularaq dağıdılmış ərazisinə baş çəkib və mənfur düşmənin törətdiyi müharibə cinayəti nəticəsində həlak olan günahsız insanların əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Səfər müddətində Quba Soyqırımı Memorial Kompleksi və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu əməkdaşlarının iştirakı ilə görüş və seminarlar təşkil olunub, təcrübə mübadiləsi aparılıb.

Qonaqlar dahi Nizami Gəncəvinin məqbərəsini, şəhərdəki İstiqlal Muzeyini və Şah Abbas məscidini də ziyarət ediblər.