Cəbrayıl rayonunun daha 13 kəndi düşməndən azad edildi...

 

Müharibənin 23-ci günündə Azərbaycan Silahlı Qüvvələrinin hissələri cəbhənin cənub istiqamətində – Cəbrayıl rayonu ərazisində uğurlu döyüş əməliyyatlarını davam etdirib. Bir gün öncə –oktyabrın 18-də tarixi Xudafərin körpüsü üzərində bayrağımızı ucaldan  rəşadətli hərbçilərimiz işğalçı Ermənistan ordusunun bu istiqamətdə müqavimətini qıraraq Cəbrayıl rayonunun 13 kəndini azad ediblər. Müzəffər Ordumuzun ön hissələri işğal altındakı Zəngilan rayonun hüdudlarına çatıblar.

 

  • Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad olunub. Bu məlumatı Prezident İlham Əliyev özünün “Twitter” hesabından paylaşıb.

 

  • Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 2 ədəd BM-21 “Qrad” YARS qurğusunu, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa toplarını və 11 avtomobil texnikasını sıradan çıxarıb.

 

  • Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib. Dövlət başçısı Türkiyə Böyük Millət Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

  • Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlərin videogörüntüsü yayılıb.

 

  • Düşmənin mülki əhalini atəşə tutması nəticəsində Ağdam rayonunda üç nəfər, o cümlədən Azərbaycan Televiziyasının əməkdaşı xəsarət alıb. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayaraq yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı 61-ə çatıb. 282 nəfər xəsarət alıb, 1846 ev, 90 çoxmənzilli yaşayış binası və 341 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.