Almaniya Bundestaqının keçmiş deputatı, əslən Cənubi Azərbaycandan olan professor Rahim Şmidt oktyabrın 19-da Azərbaycan Milli Kitabxanasında olub.

Qonağı salamlayan direktor Kərim Tahirov kitabxana haqqında məlumat verib, Azərbaycan Milli Kitabxanasının Almaniya Milli Kitabxanası və Berlindəki Humboldt Universiteti Kitabxanası ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu əməkdaşlığın nəticəsi olaraq Humboldt Universiteti Kitabxanasında Azərbaycana dair daimi guşə yaradılıb. Eyni zamanda Almaniya Milli Kitabxanası ilə də kitab, informasiya sahəsində əməkdaşlıq həyata keçirilir. Azərbaycan Milli Kitabxanasında alman yazıçılarının əsərləri, eləcə də alman dilində qədim kitabların mövcudluğu barədə də qonağa məlumat verilib.

Professor Rahim Şmidt görüşün təşkili üçün Kərim Tahirova təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan Milli Kitabxanası şəhərin ən gözəl binalarından birində yerləşir və zəngin kitab kolleksiyalarına malikdir. O, ötən illərdə Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşkilatçılığı və İmadəddin Nəsiminin 650, Molla Pənah Vaqifin 300, habelə almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr edilən tədbirlərdə iştirak etdiyini və bu tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

Sonra qonaq kitabxananın Heydər Əliyev guşəsi, Beynəlxalq əməkdaşlıq zalı, Nadir kitablar və kitabxana muzeyi şöbəsi, oxu zalı, kitabxana fondu, eləcə də “Açıq kitabxana” ilə tanış olub. R.Şmidt “Açıq kitabxana” layihəsini də yüksək qiymətləndirib və bütün kitabxanalarda belə layihənin olmasının vacibliyini qeyd edib.

R.Şmidt müəllifi olduğu tibbə dair kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə edib. K.Tahirov qonağa “Azərbaycan Milli Kitabxanası: fotoalbom” və “Azərbaycan xalçaları” kitablarını bağışlayıb.