Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə birlikdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konsert təşkil edib.

Dövlət Himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin və Qarabağ müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Konsertin aparıcısı Zaur Nəbioğlu Ali Hərbi Məktəbin şəxsi heyətini salamlayaraq Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb. Vətənimizin keşiyində ayıq-sayıq dayanan Silahlı Qüvvələrimizin gücü, qüvvəsi və rəşadətini xüsusilə vurğulayıb. O, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 44 gün ərzində əks-hücum əməliyyatı ilə torpaqlarımızı işğalçılardan təmizlənməsini və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsini bu əlamətdar günə ən böyük ərməğan olduğunu və bizi 30 ilə yaxın davam edən nisgildən qurtardığını qeyd edib.

Tədbir əlamətdar günə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib. Müstəqil Azərbaycanın hərtərəfli inkişafı, ümummilli lider Heydər Əliyevin ölkəmizin dünya birliyində tanınması və iqtisadi inkişafında təkrarsız rolu, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin həyatımızın müxtəlif sahələrinə təsiri videomaterialda öz əksini tapıb.

Bayram konsertində müğənnilərdən – Əməkdar artist Nigar Şabanova, Şəbnəm Qəhrəmanova, Əbdül Xalid, Cəvahir Abdulova, Vüsal Hacıyev, Rüfət Axundovun vətənpərvərlik ruhlu nəğmələri, rəqqasə Fatimə Fətəliyevanın təqdimatında milli rəqs nömrələri ilə alqışlarla qarşılanıb.