“Nankin-2021” sülh forumuna yol” regional dialoqu çərçivəsində “Mədəni irs, mədəni və yaradıcı sənaye: keçmişin mirasından dinc gələcəyimizi quraq” mövzusunda sessiya keçirilib.

UNESCO-nun Almatı (Qazaxıstan) klaster bürosunun təşkilatçılığı ilə onlayn formatda gerçəkləşən sessiyada Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova “Müasir incəsənət sahələri və moda sənayesi kontekstində muzey kolleksiyaları” adlı təqdimatla çıxış edib.

Direktor muzeyin tarixi, fəaliyyəti və kolleksiyaları haqqında ətraflı məlumat verib. Azərbaycan Milli Xalça Muzeyinin xalçaçılıq sənətini dərindən mənimsəyən, ondan yeni əsərlər yaratmaq üçün ilham alan tanınmış müasir rəssamlarla əməkdaşlıq etdiyini bildirib. Ş.Məlikova belə uğurlu yaradıcılıq əlaqələrinə nümunə kimi “Chingiz” yaradıcı təxəllüsü ilə fəaliyyət göstərən rəssam Çingiz Babayev və “AFFFAİR” markasının təsisçisi, məşhur modelyer Rüfət İsmayılla əməkdaşlıq çərçivəsində həyata keçirilən uğurlu layihələrdən danışıb.

O, bu il “Kazan Kremli” Muzey-Qoruğunda keçirilən “Xalça sənəti – mənaların təkamülü” adlı Azərbaycan xalçaçılığına həsr olunmuş sərgi və burada nümayiş etdirilən, Ç.Babayevin xalçaçılıq sənəti əsasında yaratdığı müəllif əsərləri haqqında ətraflı söz açıb. O, Rüfət İsmayılın “Paris moda həftəsi” çərçivəsində təqdim olunan Azərbaycan xalçalarının zəngin motivləri əsasında 21 geyimdən ibarət “Haute Couture Sumakh” kolleksiyası haqqında da danışıb.

Qeyd edək ki, sessiyada Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan müxtəlif sənət sahələri üzrə mütəxəssislərin də çıxışları olub.

Xatırladaq ki, 2017-ci ildə Çinin Nankin şəhəri beynəlxalq şəhər statusu alıb. 2020-ci ildə şəhər hökuməti və UNESCO-nun təşkilatçılığı ilə “Nankin Sülh Forumu” təsis olunub. Həmi il ilk forum virtual formatda keçirilib.