Bu ilin dekabrında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayevin (1921-2002) anadan olmasının 100 ili tamam olur.

Prezident İlham Əliyev 10 sentyabr 2021-ci il tarixdə fırça ustasının yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Mikayıl Abdullayev parlaq ənənələrə malik Azərbaycan rəssamlıq məktəbinin böyük simalarındandır. Onun təsviri sənətin müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Sənətkar çoxsaylı tematik lövhə, mənzərə və natürmortlarında doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyi incə rəng çalarları ilə tərənnüm edib, dahi Nizaminin “Xəmsə”sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaradıb.

Dövlət başçısının müvafiq sərəncamına, Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Mikayıl Abdullayev – 100” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə görkəmli Azərbaycan rəssamının əsərləri, həyat və yaradıcılığı haqqında kitab və məqalələr, fotolar, mükafatları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mikayil_Abdullayev_100/index.htm linkindən istifadə edə bilərlər.