Zəngilan şəhəri işğaldan azad edildi...

 

Müharibənin 24-cü günündə cəbhənin cənub istiqamətində döyüş əməliyyatlarını davam etdirən Azərbaycan Silahlı Qüvvələri qalibiyyət salnaməsinə daha bir tarixi səhifəni yazıb. Rəşadətli hərbçilərimiz 1993-cü ilin 29 oktyabrından Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Zəngilan  rayonunun mərkəzini, habelə 6 kəndini azad ediblər. Zəngilan şəhərində Azərbaycanın bayrağı ucaldılıb.  

Zəngilan Vətən müharibəsi zamanı Cəbrayıl (4 oktyabr) və Füzulidən (17 oktyabr) sonra döyüş meydanında azad olunan 3-cü rayon mərkəzi-şəhər idi. Şanlı Azərbaycan Ordusunun hissələri, həmçinin  Füzuli, Cəbrayıl və  Xocavənd rayonlarının 18 kəndini düşməndən təmizləyib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 20-də televiziya vasitəsilə xalqa müraciət edib. Ali Baş Komandan işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb:

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.

Cəbrayıl rayonu: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.

Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

“Prezident kimi fəaliyyətim üçün əsas məsələ, mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”, – deyə İlham Əliyev vurğulayıb.

***

Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi “İnstaqram” səhifəsində paylaşım edib.

***

Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS qurğusu, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib. Ordumuzun artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb, 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib. Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

***

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun artilleriya bölmələrinin Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə zərbələr endirməsi ilə bağlı videogörüntülər təqdim edib.

Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində məhv edilib.

Müdafiə Nazirliyinin məlumatına əsasən, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində itirdiyi mövqeləri bərpa etməyə cəhd edən düşmənə qarşı uğurlu əməliyyatlar aparılıb. Ümumilikdə düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş və avtomobil texnikası, artilleriya və zenit-raket qurğuları, silah və döyüş sursatları, əməliyyat-taktiki və ballistik raket qurğuları, yaylım atəşli, radioelektron mübarizə və tank əleyhinə vasitələri, o cümlədən S-300 tipli zenit-raket kompleksləri məhv edilib. Xeyli sayda silah-sursat, tank və artilleriya qurğuları ələ keçirilib.

*** 

Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya atəşləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin məhv edilməsinin videogörüntüsü yayımlanıb.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 20-si saat 12:00-dək 61 mülki şəxs həlak olub, 291 nəfər xəsarət alıb, 1941 ev, 90 çoxmənzilli yaşayış binası və 382 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.