Oktyabrın 20-si Beynəlxalq Kulinariya Günüdür.  Bu gün 2004-cü ildə Dünya Kulinariya Təşkilatları Birliyi İrlandiyanın Dublin şəhərində keçirilən beynəlxalq konfransında təsis olunub.

Builki peşə bayramında Vətən müharibəsində şəhid olmuş kulinarların xatirəsi anılıb.

Oktyabrın 20-də Dövlət Turizm Agentliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə dəstəyi ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş kulinarların xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, kulinarlar öz peşə bayramını 2019-cu ildə Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən və dövlət başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə qurulan Cocuq Mərcanlıda hərbçilər və yerli sakinlərlə, 2020-ci ildə isə Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı 3 hərbi hissədə əsgərlərlə bərabər qeyd ediblər.

44 günlük Vətən müharibəsində 88 aşpazın iştirak etdiyini deyən T.Əmiraslanov deyib ki, onlardan 22-si əlinə silah alıb döyüşlərə qatılıb, digərləri isə hərbi-səhra mətbəxində çalışıblar.

Mərasimdə Vətən uğrunda şəhid olmuş 6 kulinar – Xəyal Həsənov, Vüqar Babayev, Məmmədağa Bağırov, Naib Nametov, Təbriz Bəkirov, İbrahim Sadıqlı haqqında məlumat verilib. Milli Kulinariya Mərkəzi tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan söz açılıb.

Anım tədbirində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, İkinci Qarabağ savaşının iştirakçısı aşpaz Ruslan Şıxıyev çıxış ediblər. R.Şıxıyev döyüşərkən üzərində gəzdirdiyi bayrağı Milli Kulinariya Mərkəzinin muzeyinə təqdim edib.

Tədbirdə iştirak edən şəhid analarına Milli Kulinariya Mərkəzinin “Vətən müharibəsində şücaət göstərən əsgər anasına şərəfnamə diplomu” təqdim edib.

Şəhid Xəyal Həsənovun anası Zərnişan Həsənova çıxış edərək oğlu ilə fəxr etdiyini söyləyib.

Sonda şəhid ailələrinə hədiyyələr təqdim olunub.