Ağsuda tanınmış tarixçi alim, arxeoloq, professor Kamil İbrahimovun (1962-2021) xatirəsinə həsr olunan “Tarixi yerlər və abidələr” adlı III beynəlxalq simpozium (15-17 oktyabr) keçirilib.
Tədbir Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz İrsi Tədqiqat İnstitutu (Gürcüstan), İtaliya YOCOCU Assosiasiyası və Ağsu Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Beynəlxalq simpoziumun açılışında “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Fariz Xəlilli, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qoruqlarla iş sektorunun müdiri Mahir Qəhrəmanov çıxış ediblər.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Ağsu Tədris Mərkəzinin direktoru Güvənc Mirzəxanov, Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev və Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımovun çıxışları dinlənilib.
Tədbirdə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Tarixi İpək Yolunun dirçəldilməsi” layihəsi haqqında məlumat verilib. Bildirilib ki, qədim və orta əsrlər dövründə Şamaxı və Ağsu arasındakı Ortabulaq yolu məhz həmin tarixi İpək Yoludur. Bu yol arxeoloji, etnoqrafik və aqroturizm baxımından mühüm əhəmiyyət kəsb edir. Ətrafında Qazan arxı, Pir Bəxtiyar türbəsi, Cavanşir yaşayış yeri, Şeyx Dursun türbəsi, Kələxana türbələri, Nərgizava nekropolu kimi abidələrin yerləşdiyi bu tarixi yol Ağsu dolaylarından 15 kilometr qısa və təhlükəsizdir.
Simpozium çərçivəsində “Günəşə doğru köç: tərəkəmə qadın” filmi nümayiş etdirilib.
30-dan çox məruzənin dinlənildiyi simpoziumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.