18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində rəngarəng tədbirlər keçirilib.
Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mədəniyyət Mərkəzi, mərkəzin nəzdində fəaliyyət göstərən Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib. Mərkəzin solistlərinin ifasında vətənsevərlik mövzusunda musiqili kompozisiya təqdim olunub. Kollecin müəllim və tələbələri isə şeirlər söyləyiblər. Cəlilabad rayon Mərkəzi Kitabxanasında “Əbədi müstəqil Azərbaycan” adlı musiqili proqram təqdim edilib. Konsertdə Cəlilabad şəhər 2 saylı tam orta məktəbin şagirdləri ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, musiqili-bədii kompozisiya ilə çıxış ediblər. Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Milli müstəqillik ən böyük nemətdir” adlı tədbirdə “Heydər Əliyev” filmi nümayiş olunub.
Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Mərkəzi Kitabxanasının əməkdaşları əlamətdar günlə bağlı Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın, eləcə də Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzində “Müstəqilliyimiz əbədidir” adlı rəsm sərgisi təşkil olunub. Regional idarənin rəisi Fərid Qurbanzadə, idarə aparatının əməkdaşları Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əl işləri ilə tanış olublar.
Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda tədbir keçirilib. Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası “Müstəqilliyimiz əbədi və dönməzdir” adlı ədəbi-bədii gecə keçirib, “Müstəqil dövlətçiliyimizin parlaq səhifəsi”, “Tariximiz, şərəfimiz” adlı sərgilər təşkil edib.
Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Rayon Mədəniyyət Mərkəzi, uşaq musiqi və incəsənət məktəblərinin hazırladığı müxtəlif musiqi nömrələri dinlənilib. Kürdəmir rayon Heydər Əliyev Mərkəzi, rayon Mərkəzi Kitabxanası, Mədəniyyət Mərkəzi və Beyləqan rayon Heydər Əliyev Mərkəzi də əlamətdar günlə bağlı müxtəlif tədbirlər təşkil ediblər.
Xaçmaz Regional Mədəniyyət İdarəsində əlamətdar günlə bağlı keçirilən videokonfransda Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova, regional idarənin rəisi Vüsal Hüseynov və başqalarının çıxışları dinlənilib. Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində keçirilən “Müstəqilliyimiz əbədidir” adlı tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov çıxış edərək əlamətdar günün önəmini bildirib. Daha sonra videoçarx nümayiş olunub. Quba rayon MKS-nin II Nügədi kənd və Zərdabi qəsəbə kitabxanaları tərəfindən əlamətdar günlə bağlı tədbirlər keçirilib.
İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı Dövlət Rəsm Qalereyasında əməkdaşların və dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib.
Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Mədəniyyət Mərkəzində konsert proqramı keçirilib. Solistlər Natiq Məmmədov, Razi Məhərrəmli, Murad Bəşirov, Rəşad Aydınoğlu və başqaları doğma yurdumuzu tərənnüm edən mahnılar ifa ediblər.
Gəncə Regional Mədəniyyət İdarəsi F.Əmirov adına 1 saylı Uşaq musiqi məktəbində “Müstəqilliyin Bərpası Günü” mövzusunda dərs keçirilib. Goranboy Dövlət Rəsm Qalereyası “18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür” adlı rəsm sərgisi təşkil edib. Regional idarənin tabeliyində fəaliyyət göstərən Gəncə, Naftalan şəhərləri, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının bir sıra mədəniyyət müəssisələri də əlamətdar gün münasibətilə müxtəlif tədbirlər keçiriblər.
Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evində Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib.