Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 29-cu “EnergaCAMERİMAGE” Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində yarışacaq.
Bu barədə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından məlumat verilib. Bildirilib ki, festival 13-20 noyabr tarixində Polşanın Torun şəhərində keçiriləcək.
Festivalın qısametrajlı sənədli filmlər kateqoriyası üzrə filmlər Oskar meyarları ilə qeydə alınıb. Bu o deməkdir ki, “EnergaCAMERİMAGE”da müvafiq bölmədə “Qızıl qurbağa” mükafatçıları Amerika Kino Sənəti və Elmləri Akademiyasının qaydalarına uyğun olması şərti ilə akademiya mükafatlarında (Oskar) nəzərdən keçiriləcək.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin təsvir rejissoru Polşadan dəvət olunmuş Mateuş Çuxnovskidir.
Film Xəzər dənizindəki Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə dənizdə suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəlir. Əhalinin əksəriyyəti adadan köçür. Daha orada heç kim yaşamır... 68 yaşlı Vitalidən başqa. O, adayla nəfəs alır. Son nəfəsini də bu adada verir – elə kamera qarşısında.
Qeyd edək ki, “Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında (Niderland) etdikdən sonra müxtəlif ölkələrdə tanınmış festivallarda iştirak edib. Ekran işi Bosniya-Herseqovinada keçirilən 15-ci “Jahorina” festivalında “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Qızıl ağcaqayın” (“Golden Maple”) mükafatına layiq görülüb.
“EnergaCAMERİMAGE festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqəsində iştirak edən filmlərin siyahısı festivalın rəsmi veb-saytında (https://camerimage.pl/en/sklad-konkursu-krotkometrazowych-filmow-dokumentalnych-2021/) yer alıb.
Film haqqında qısa məlumatla aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:
https://www.thelastonethemovie.com/