Kürdəmir Regional Mədəniyyət İdarəsi Xocavənd rayon Mədəniyyət evinin əməkdaşları Vətən müharibəsi şəhidi Tural Abdullayevin ailəsini ziyarət ediblər.

Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidi Murad Hüseynzadənin ömür yolunu əks etdirən guşə açılıb.

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Dövlət Rəsm Qalereyasında Vətən müharibəsinin ildönümü ilə bağlı rəsm sərgisi təşkil edilib. Qazax rayon Mədəniyyət Mərkəzində “Vətənimizin qəhrəman igidləri” adlı tədbir keçirilib. Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbi “Qədim yaşayış məskənimiz Füzuli şəhəri azaddır” adlı tədbir keçirib. Tovuz şəhər Aşıq Əsəd Rzayev adına Uşaq musiqi məktəbi “Füzuli, sən azadsan!” adlı tədbir təşkil edib. Tovuz rayon Qovlar şəhər Uşaq musiqi məktəbi “Füzuliyə qayıtdıq” adlı tədbir keçirib.

Şəmkir Regional Mədəniyyət İdarəsi Daşkəsən rayon Heydər Əliyev Mərkəzində “Zəfər tariximizin bir səhifəsi” adlı tədbir keçirilib.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsinin şəhid baş leytenantı Aqşin Ənvərlinin xatirəsinə həsr olunmuş “Ömrün şəhidlik zirvəsi” adlı tədbir keçirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsi, Quba rayon MKS-nin Alpan kənd kitabxanasında Füzuli rayonunun işğaldan azad olunmasının ildönümü münasibətilə tədbir keçirilib. MKS-nin Qorxmazoba kənd kitabxana filialında “Şəhidlər ölməz, Vətən bölünməz!” mövzusunda tədbir təşkil edilib. MKS-nin Alıc kənd kitabxanasında Vətən müharibəsi ilə əlaqədar “Dəmir yumruq yerindədir” mövzusunda tədbir keçirilib. MKS-nin Əlibəyqışlaq kənd kitabxanasında Zəngilan rayonunun işğaldan azad olunmasının ildönümü ilə əlaqədar “Biz Vətənimizə qayıtdıq” mövzusunda tədbir təşkil olunub.

Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Saatlı rayonunda beşmərtəbəli binanın divarına Zəfər simvolu olan Xarıbülbül rəsmi çəkilib. Bu münasibətlə keçirilən tədbirdə idarə rəisi Fərid Qurbanzadə, Saatlı Rayon İcra Hakimiyyətinin məsul işçisi Mehriban Ağayeva, Saatlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov çıxış ediblər.

Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Şanlı Qələbəni qanları ilə qazanan qəhrəmanlar” adlı tədbir keçirilib. Tədbirdə Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin “Buta” ansamblının ifasında musiqi nömrələri təqdim olunub, “ASAN Həyat” kompleksi könüllülərinin və mərkəzin Xalq teatrı üzvlərinin hazırladığı səhnəciklər nümayiş etdirilib. Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib. Oğuz rayon MKS-nin 3 saylı Muxas kənd kitabxana filialında “Qarabağ Azərbaycandır!” adlı informasiya saatı təşkil olunub. Oğuz rayon Heydər Əliyev Mərkəzində “Zəfər salnaməsi” adlı tədbir keçirilib. Zaqatala rayon Heydər Əliyev Mərkəzində İkinci Qarabağ müharibəsi qaziləri Əlibəy Məmmədov və Sübhan Durmuşovla görüş olub. Qax rayon Güllük kənd Mədəniyyət evi, kənd kitabxanası və tam orta məktəbin birgə təşkilatçılığı ilə “Vətən mənə oğul desə, nə dərdim...” devizi altında şeir müsabiqəsi keçirilib. Həlimə Hüseynli I, Fərhad Davudov II, Səyyarə Vəlizadə isə III yerlərə layiq görülüblər.

Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay rayon Heydər Əliyev Mərkəzində “Vətən müharibəsi zamanı mətbuatımız” adlı dəyirmi masa təşkil edilib. Mərkəzdə həmçinin Vətən müharibəsi qazisi Ayaz Babayevlə görüş keçirilib.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Qaradağlı kənd Mədəniyyət evində Vətən müharibəsinə həsr olunmuş sərgi təşkil edilib. Ağdam rayon MKS-nin Mərkəzi Kitabxanasında Füzuli rayonunun işğaldan azad olunmasının birinci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, idarə əməkdaşları, tabe müəssisələrin rəhbərləri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin nümayəndələri Vətən müharibəsi şəhidləri Elvin Əzizov, Rəfail Hüseynov və Gülşad Xəlilovun ailəsinə baş çəkiblər. Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Tarix yazan igidlərimiz” adlı dəyirmi masa təşkil edilib. Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Vərgədüz kənd tam orta məktəbində Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalova həsr olunmuş tədbir keçirilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon MKS-nin Babazanlı qəsəbə kitabxana filialı Füzulinin işğaldan azad olunmasının ildönümü münasibətilə “Yaşasın Azərbaycanın müzəffər Ordusu!” adlı tədbir keçirib.

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər MKS-nin A.S.Puşkin adına 1 nömrəli və N.Gəncəvi adına 9 nömrəli kitabxana filiallarının əməkdaşları Vətən müharibəsi şəhidi Nahid İbrahimzadənin ailəsini ziyarət ediblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Xızı rayon nümayəndəliyinin əməkdaşları Vətən müharibəsi qazisi Kamran Baxışzadəni ziyarət edib. Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan sərgi açılıb. Şuşa şəhər Xəlfəli kənd Uşaq musiqi məktəbində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan tədbir keçirilib. Məktəbin şagird və müəllimlərinin ifasında “Xudayar təsnifi” və “Bayatı-Şiraz” muğamı səsləndirilib.