Yasamal rayon Heydər Əliyev Mərkəzində rəssam Mənsur Əsgərlinin 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə və Vətən müharibəsinə həsr olunmuş “Zəfər rəngləri” adlı ilk fərdi yaradıcılıq sərgisi açılıb.
Tədbirdə çıxış edən Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova bildirib ki, bu il Azərbaycan xalqı ilk dəfə 18 oktyabr – Müstəqilliyin Bərpası Gününü öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yaşadıb.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərova sərgi haqqında ətraflı məlumat verib. Sonra qonaqlar sərgi ilə tanış olublar.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Xalq rəssamı Qəyyur Yunus və rəssam Rafael Əlizadə çıxış edərək sərginin əhəmiyyətindən söz açıb, təqdim olunan əsərlər haqqında fikirlərini bölüşüb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.