Azərbaycanda polyak memarların ərsəyə gətirdiyi abidələrdən, həmçinin ölkəmizdə yaşayıb-yaratmış məşhur polyaklardan bəhs edən broşür hazırlanıb. Layihə Azərbaycan Turizm Bürosunun Polşanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib.

Azərbaycanda polyak izlərinin turistik tanıtımı məqsədilə hazırlanmış broşürdə XIX əsrin sonu – XX əsrin əvvəlində neft bumu dövründə Bakının xüsusi görünüşünü formalaşdıran 4 görkəmli polyak memar – İosif Qoslavski, İosif Ploşko, Kazimir Skureviç və Yevgeni Skibinskinin fəaliyyətindən, həmçinin neftçıxarma üzrə mütəxəssis Pavel Pototskinin ölkənin neft sənayesinə verdiyi töhfələrdən bəhs olunur.

Nəşrdə polyak memarların layihə müəllifi olduqları tikililər – Bakı Şəhər İcra Hakimiyyəti binası, Əlyazmalar İnstitutu, AMEA Rəyasət Heyətinin binası – İsmailiyyə, Səadət sarayı, Baş Prokurorluq binası, Mstislav Rostropoviçin Ev-Muzeyinin, Memarlar İttifaqının binası, Milli Tarix Muzeyi, Dövlət Kukla Teatrı, Bakı Dəmiryolu Vağzalının binası və digər memarlıq nümunələri detallı məlumatlarla təqdim olunur. Bakının İstiqlaliyyət, İslam Səfərli, Murtuza Muxtarov, Nizami və Polşa memarları küçələrində polyak memarları tərəfindən inşa edilmiş binalar haqda geniş məlumat verilir. Həmçinin XX əsrin əvvəllərində Şamaxı, Gəncə, Qusar və Zaqatalada polyak memarlığı üslublarında binaların tikildiyi, şəhər planlarının hazırlandığı diqqətə çatdırılır.