Zəngilan, Füzuli və Cəbrayıl rayonlarının daha 22 yaşayış məntəqəsi azad edildi...

 

Müharibənin 25-ci günündə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Zəngilan rayonu istiqamətində, eləcə də Füzuli və Cəbrayıl rayonları ərazisində Ermənistan işğalçı qüvvələrinə qarşı uğurlu döyüş əməliyyatlarını davam etdiriblər.

 

  • Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi – Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində məlumat verib.

 

  • Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev “Twitter” səhifəsində bununla bağlı məlumatı paylaşıb.

 

  • Düşmənin 5-ci, 6-cı, 7-ci dağatıcı alaylarının və 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri canlı qüvvə və döyüş texnikası itirərək geri çəkilməyə məcbur edilib. Çoxlu sayda silah-sursat bölmələrimiz tərəfindən qənimət götürülüb.  İşğalçı Ermənistan ordusunun 556-cı alayının taboru sıradan çıxarılıb.

 

  • Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri Füzuli və Tərtər istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus üç taktiki pilotsuz uçuş aparatını, Horadiz istiqamətində isə bir pilotsuz uçuş aparatını vurublar.

 

  • Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.

 

  • Azərbaycanın Müdafiə Nazirliyi artilleriya bölmələrimizin gecə və gündüz atışlarının videogörüntülərini paylaşıb. Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb-qaçdığı hərbi texnikaların görüntülərini yayıb.

 

  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 21-i saat 11:00-dək 63 mülki şəxs həlak olub, 292 nəfər xəsarət alıb, 1981 ev, 90 çoxmənzilli yaşayış binası və 386 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.