Mədəniyyət Nazirliyinin stendində yurdumuzun zəngin irsi təqdim edilir

 

Oktyabrın 20-də Bakı Ekspo Mərkəzində 1-ci Azərbaycan “Qarabağın bərpa, yenidənqurma və inkişafı” beynəlxalq sərgisinin (“Rebuild Karabakh 2021”) açılışı keçirilib.

20-22 oktyabr tarixini əhatə edən sərgi “Caspian Event Organisers”in (CEO) təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə gerçəkləşir.

Açılış mərasimində bir sıra dövlət qurumlarının nümayəndələri və başqa qonaqlar iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra azad edilmiş torpaqların bərpası prioritet vəzifədir. Qeyd olunub ki, “Rebuild Karabakh” sərgisinin məqsədi müxtəlif ölkələrdən olan şirkətlərin Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirməkdir. Sərgi həmçinin özəl şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında ünsiyyət platforması yaratmağa xidmət edir.

Sərgidə Mədəniyyət Nazirliyi ayrıca stendlə təmsil olunur. Stenddə Qarabağ xalçaları, Zəfər və Qarabağ mövzulu kitablar, keramika məhsulları və suvenirlər, bölgənin tarix-mədəniyyət abidələrinin fotoları sərgilənir. Monitorda Ağdamda yaradılacaq İşğal və Zəfər muzeyləri kompleksi, Cəbrayıl və Füzulidə tikiləcək Memorial komplekslər barədə tanıtım filmləri, habelə nazirliyin dəstəyi ilə Qarabağ haqqında hazırlanmış videoçarxlar, habelə sərgi zamanı xalçatoxuma prosesi əyani olaraq iştirakçılara nümayiş olunur.

Sərgi çərçivəsində Mədəniyyət Nazirliyinin “Qarabağa kitabla gedək” layihəsinin təqdimatı da keçiriləcək. Oktyabrın 22-də saat 12:30-da nazirliyin dəstəyi ilə konsert proqramı təşkil olunacaq.

“Rebuild Karabakh” sərgisi çərçivəsində işğaldan azad edilmiş ərazilərin davamlı inkişafı ilə bağlı konfrans, ərazilərin bərpası haqqında beynəlxalq və yerli ekspertlərin təcrübə mübadiləsi, mədəni abidələrin bərpası, Qarabağ bölgəsinin turizm potensialı, regionun enerji potensialı, şəhid və qazi ailələri üçün mikro biznes proqramları üzrə müzakirələr, startaplar müsabiqəsi, iştirakçı şirkətlər tərəfindən Qarabağın bərpası ilə əlaqədar layihə təqdimatları və digər tədbirlər nəzərdə tutulur.

Sərginin açılışında muğam üçlüyünün ifasında təqdim olunan musiqi nömrələri alqışlarla qarşılaınıb.