Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

“İşğal dövründə mən Füzuli rayonunun bizdə olan hissəsinə, ərazilərinə dəfələrlə gəlmişdim, 12 dəfə Füzuli rayonunda olmuşdum. Rayonun inkişafı ilə bağlı çox böyük işlər görüldü. Horadiz qəsəbəsinə şəhər statusu verildi və Horadiz Füzuli rayonunun qeyri-rəsmi mərkəzi müəyyən edilmişdir. Böyük sosial infrastruktur layihələri icra edildi - 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikildi. İnfrastrukturla bağlı çox böyük işlər görülmüşdür. Fərdi evlərin bərpası işləri görülmüşdür. Yəni, Füzuli rayonunun inkişafı ilə bağlı çox genişmiqyaslı işlər aparılırdı. Qeyd etdiyim kimi, 12 dəfə Füzulidə olmuşam. Burada köçkünlərlə görüşərək hər zaman onlara deyirdim ki, Füzuli şəhəri və rayonun qalan hissəsi azad olunandan sonra biz daha yaxşı evlər tikəcəyik, daha gözəl şərait yaradacağıq və siz qayıdacaqsınız. Bu gün artıq bunu hər kəs görə bilir. Çünki Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir”, – deyə Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

Dövlət başçısı diqqətə çatdırıb ki, cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Füzulidən Şuşaya elektrik xətləri çəkilib: “Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli bu gün qoyulmuşdur... Şuşaya qədər Zəfər yolunu çəkdik və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Bu gün Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Eyni zamanda, Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Yəni, Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.

Bütün bu işləri görərək biz bir məqsədi güdürdük ki, keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytaraq. Bu gün təməl daşının qoyulması mərasimlərində iştirak edərkən biz artıq bu günü də böyük dərəcədə yaxınlaşdırmışıq. Bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaqdır”.

Füzuli şəhərinin baş planının artıq hazır olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Bizim mütəxəssislərimiz bu plan üzərində uzun aylar ərzində işləyiblər. Bu gün biz hamımız bu layihə ilə bir daha tanış olarıq. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulacaq.

Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin – Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır”.

Qeyd edək ki, dövlət başçısının rayon ictimaiyyəti nümayəndələri ilə görüşündən sonra Füzuli şəhərinin baş planının təqdimatı olub, Füzuli Memorial Kompleksinin və şəhərdə salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub. Bildirilib ki, 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər zamanı Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə də tanış olublar. Hava limanında istənilən tip hava gəmisini qəbul etməyə imkan verən, uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib, saatda ən azı 200 sərnişinin buraxılışına imkan verən terminalın tikintisi başa çatdırılıb.

Dövlət başçısı və birinci xanım Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma tədbirində də iştirak edib, Füzulidə yaradılacaq Mərkəzi şəhər parkında ağac əkiblər.