Silahlı Qüvvələrimiz Zəngilanın Ağbənd qəsəbəsini azad edərək Ermənistanla sərhədə çatıblar...

 

Müharibənin 26-cı günündə Azərbaycan Ordusunun bölmələri Araz çayı boyunca – Zəngilan rayonu ərazisində uğurlu döyüş əməliyyatlarını davam etdirək rayonun bir sıra kəndlərini və Ermənistanla sərhəddə yerləşən Ağbənd qəsəbəsini işğalçı qüvvələrdən təmizləyib. Bununla Azərbaycan-İran sərhədinin 27 ildən artıq Ermənistanın işğalı altında qalmış 132 km-lik hissəsi tamamilə işğaldan azad edilib.

  • Azərbaycan Ordusu Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində məlumat verib.

  • Azərbaycan Ordusunun bölmələri tərəfindən Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri də işğaldan azad edilib. Dövlət başçısı bu xoş müjdəni də özünün rəsmi “Twitter” səhifəsindən paylaşıb.

  • Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək mühüm yüksəkliklərdən və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib. Düşmənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Hadrut qəsəbəsindən şimalda yerləşən artilleriya bölmələrinə yeni gətirilmiş erməni könüllülər atəş mövqelərini tərk edərək qaçıb. Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən çoxsaylı itkilər verib. 543-cü alayın müdafiə sahəsinə endirilən atəş zərbələri nəticəsində şəxsi heyət arasında xeyli itki olub. 1-ci taborun bir bölüyünün şəxsi heyəti isə döyüşə girməkdən imtina edib.

  • Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ordusunun digər mövqelərdəki hərbçiləri də döyüşlərdə iştirakdan imtina edir. Yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar. Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohumları və tanışları telefonla zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir. Düşmən bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumatlar daxil olur.

  • Müdafiə Nazirliyi düşmən ordusunun ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsünü paylaşıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri isə yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” pilotsuz uçuş aparatlarının seriyalı istehsalına başlayıb.

  • Ermənistan ordusu Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb. Düşmənin Siyəzən istiqamətində atdığı ballistik raket dənizə düşüb. Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

  • Müdafiə Nazirliyi Azərbaycan Ordusunun artilleriya bölmələrinin düşmənin atəş nöqtələrinə və mövqelərinə dəqiq və sarsıdıcı zərbələr vurmasını əks etdirən videogörüntüləri təqdim edib.