Hikmət Hacıyev: “Bizim məqsədimiz gələcək sülhə çağırışdır”


Biz Türk Şurası olaraq 2009-cu ildə imzalanmış Naxçıvan Sazişi ilə böyük bir yola çıxdıq. Dünyada beynəlxalq təşkilatlar çoxdur, amma xüsusilə qeyd etməliyik ki, Türk Şurası digər beynəlxalq qurumlardan çox fərqlənir.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu sözləri oktyabrın 22-də İstanbulda Türk Şurasının Media Forumunda çıxış edərkən deyib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, beynəlxalq təşkilatlar bəzən siyasi, iqtisadi və digər maraqlar əsasında formalaşır. Təbii ki, bizim təşkilatın da bu kimi maraqları var: “Lakin bundan əlavə Türk Şurasının təməlində, ana fəlsəfəsində məhz bizim qardaşlığımız, ortaq dəyərlərimiz, keçmişimiz və tariximiz dayanır. Türk Şurasının gücü və qüdrəti bundan qaynaqlanır. Türk Şurası dostluğumuzu bir araya gətirərək bizi irəliyə aparan təşkilatdır”.

Bir neçə həftədən sonra İstanbulda dövlət başçılarının iştirakı ilə Türk Şurasının Zirvə görüşünün keçiriləcəyini diqqətə çatdıran Hikmət Hacıyev deyib: “Sammitdə vacib qərarların qəbul olunması gözlənilir. Bu qərarlar Türk Şurasının beynəlxalq münasibətlərdə daha da güclü mövqeyə malik olmasına imkan yaradacaq. Türk Şurası dedikdə qardaş ölkələrimiz arasında bütün sahələri əhatə edən əməkdaşlıq nəzərdə tutulur. Bu, ilk növbədə, siyasi əməkdaşlığımızdır. Dövlətlərimiz bütün beynəlxalq arenalarda bir-birini qətiyyətlə dəstəkləyir. 2019-cu ildə Bakıda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan öz sədrliyi dövründə əməkdaşlığımızın inkişafına hər sahə üzrə töhfə verməyə davam edəcək. Məmnunluq hissi ilə demək istərdim ki, Azərbaycanın sədrliyi dövründə əməkdaşlığımız daha da genişləndi, qardaş Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü oldu, qardaş Türkmənistan da müşahidəçi statusunda Türk Şurasına qoşuldu. Bu, bizim sıralarımızı daha da genişləndirdi. Eyni zamanda, dünya miqyasında Türk Şurası ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır”.

Azərbaycanın ötən il qazandığı tarixi Zəfərdən bəhs edən Hikmət Hacıyev bildirib ki, 2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu: “Otuz ildən sonra Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyuldu və xalqımız öz liderinin ətrafında sıx birləşərək Vətən müharibəsinə qalxdı. "Qarabağ Azərbaycandır!" şüarı ilə torpaqlarımızı işğaldan azad etdik”.

Hikmət Hacıyev Vətən müharibəsində başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş Türkiyənin Azərbaycanın yanında olmasını, mənəvi, siyasi, diplomatik dəstək verməsini qeyd edərək deyib: “Həmin dövrdə Türkiyənin nəbzi, ürəyi Azərbaycanla döyünürdü və nəhayət, Azərbaycan xalqının bu həsrətinə son qoyuldu. Eyni zamanda, Türk Şurasına üzv ölkələr və başda Şuranın baş katibi olmaqla 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqına öz dəstəklərini əsirgəmədilər. Vətən müharibəsi dövründə iki qardaş ölkənin KİV-ləri də çiyin-çiyinə mübarizə apardılar”.

Türk dünyasının media nümayəndələrini belə bir formatda görməkdən xüsusi sevinc və qürur hissi duyduğunu vurğulayan Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, bu münasibətlər media sahəsindəki gücümüzü artırır: “Bu, eyni zamanda, liderlərimiz tərəfindən qarşımıza qoyulan tapşırıqdır. Ortaq kökümüzün, mədəniyyətlərimizin insanlara, xüsusən də gənclərimizə daha yaxından tanıdılması, eyni zamanda, zəngin türk mədəniyyətinin dünyaya tanıdılması istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır”.

Azərbaycanın qarşısında duran yeni vəzifələrdən birinin Qarabağın yenidən qurulması olduğunu söyləyən Hikmət Hacıyev bildirib ki, işğaldan azad olunmuş torpaqlarımız tamamilə dağıdılıb. XXI əsrdə bir torpağın, bir şəhərin bu şəkildə dağıdılması insanın ağlına gələcək bir mənzərə deyil. Qardaş türk ölkələrinin media mənsublarına təşəkkür edirəm ki, onlar bu vandalizmi dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.

“Bizim məqsədimiz qisas deyil, gələcək sülhə çağırışdır. Bizim məqsədimiz gələcəkdə dünyada baş verə biləcək bu kimi əməllərin qarşısını almaqdır. Qarabağda Azərbaycan və türk xalqına məxsus zəngin mədəniyyət irsi var. Təəssüf ki, bu mədəni irsimiz də illər uzunu məhv edilib. Bu gün Azərbaycan Qarabağı yenidən qurmaq və türk-İslam sivilizasiyasının mərkəzi bölgəsi kimi Qarabağın tarixi nüfuzunu özünə qaytarmaq əzmindədir. Əminik ki, qardaş türk ölkələri də bu prosesdə Azərbaycanın yanında olacaqlar və biz bu məsələdə də birgə fəaliyyət göstərəcəyik”, – deyə Hikmət Hacıyev vurğulayıb.