“Ermənistan işğalından azad olunan ərazilərdə yerləşən bir sıra tarixi-mədəniyyət abidələrinin konservasiyası nəzərdə tutulur. Əvvəlki tarixi simasının qaytarılması mümkün olmayan tarixi binalar adətən konservasiya edilir”.

Bu fikirləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli oktyabrın 22-də qurumun yenilənmiş saytının təqdimat mərasimində jurnalistlərə açıqlamasında bildirdi.

Dövlət Xidmətinin rəhbəri qeyd etdi ki, Ağdam Dövlət Dram Teatrının binasının qalıqları bu sırada olan abidələrdəndir və onun konservasiyası nəzərdə tutulur: “Digər bu kimi binalara nümunə olaraq Füzuli rayonunda yerləşən "Araz" nəşriyyatını göstərə bilərik. Elə abidələr də var ki, onlar erməni vandalizminə məruz qalan tarixin şahidi kimi – işğal muzeyləri adı ilə fəaliyyət göstərəcəklər”.

Azad Cəfərli həmçinin diqqətə çatdırdı ki, yaxın gələcəkdə abidələrə müdaxilələrin qarşısını almaq məqsədilə media nümayəndələrinin iştirakı ilə turların keçirilməsi də gözlənilir.

LALƏ