20–23 oktyabr tarixində Özbəkistanın iki bölgəsində – Qaraqalpaqstan Muxtar Respublikasında və Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nukus (Qaraqalpaqstanın inzibati mərkəzi – red.) Dövlət Pedaqoji İnstitutunda Hüseyn Cavid adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzinin açılışı olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə yaradılan ocağın açılışında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, AMM-in direktoru Samir Abbasov, Bakıdan və Daşkənddən gələn qonaqlar iştirak ediblər.

Açılışın rəmzi qırmızı lentini Qənirə Paşayeva, Samir Abbasov və institutun rektoru Bayrambəy Atemuratov kəsiblər.

Mərkəzdə ölkəmizlə bağlı nəşrlər, eləcə də AMM-in özbək dilində çap etdirdiyi kitablar, o cümlədən Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin qəzəllər toplusu, “Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət”, ədiblərimizin portretləri, Qarabağın milli qadın və kişi geyimləri, xalçalarımız, suvenirlərimiz də nümayiş etdirilir. Mərkəz kompüter və televizorla da təmin edilib.

İnstitutun rektoru mərkəzin yaradılmasına görə AMM-ə təşəkkürünü bildirib. Vurğulayıb ki, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin öyrənilməsi istiqamətində bu mədəniyyət ocağının mühüm rolu olacaq.

Samir Abbasov Özbəkistanla mədəni əlaqələrin inkişafından danışaraq, rəhbərlik etdiyi mərkəzin təşkilatçılığı ilə bir çox ali məktəbdə, mədəniyyət müəssisəsində Azərbaycan mərkəzlərinin yaradıldığını bildirib. Hüseyn Cavid adına mərkəzdə Azərbaycan dilinin, ədəbiyyatının təbliğ ediləcəyi, tədbirlər, açıq dərslər keçiriləcəyi diqqətə çatdırılıb.

Qənirə Paşayeva dahi Berdakın vətənində Azərbaycan ədəbiyyatı və mədəniyyəti mərkəzinin açılmasını əlamətdar hadisə adlandırıb. Türkdilli dövlətlər arasında, Turan ellərində əməkdaşlığın daha da gücləndirilməsindən danışan komitə sədri əmin olduğunu bildirib ki, bundan sonra Azərbaycanın Özbəkistanla, o cümlədən Qaraqalpaqstanla əməkdaşlığı daha da dərinləşəcək.

***

Səfər çərçivəsində Qaraqalpaqstan Nazirlər Kabinetinin sədri Kahraman Sariyev Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Özbəkistandakı Heydər Əliyev adına AMM-in direktoru, səfirliyimizin birinci katibi Samir Abbasovu qəbul edib. Görüşdə özbək alim, tarixçi Şuxrat Salamov da iştirak edib.

Kahraman Sariyev Qaraqalpaq Respublikasının tarixi, mədəniyyəti, Azərbaycanla tarixi əlaqələri barədə danışıb, Özbəkistan və Azərbaycan Prezidentləri Şavkat Mirziyoyev və İlham Əliyev arasında olan dostluq əlaqələrinin, dövlət başçılarının görüşlərinin bu xüsusda əhəmiyyətini vurğulayıb. O, ilk dəfə olaraq Qaraqalpaqstanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini yüksək qiymətləndirib.

K.Sariyev Qaraqalpaqstanın mərkəzi Nukus şəhərindən Azərbaycana aviareyslərin açılması, azərbaycanlı iş adamlarının Qaraqalpaqstandakı layihələrdə iştirakı, buranın neft-qaz sahəsinə Azərbaycan investisiyalarının yatırılması təklifini irəli sürüb və bu təkliflərin Azərbaycan rəhbərliyinə çatdırılmasını xahiş edib.

Qənirə Paşayeva ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq, dövlət başçıları arasında səmimi görüşlər barədə danışıb, mədəniyyət günlərinin keçiriliməsinin əsas məqsədinin əlaqələrin daha da genişlənməsi, milli mədəniyyətimizin tanıdılması olduğunu bildirib. Komitə sədri rəhbərlik etdiyi Avrasiya İnstitutu vasitəsilə Qaraqalpaq ədəbiyyatı antalogiyası və folklorunun Azərbaycan dilində nəşrini öz üzərinə götürdüyünü bildirib.

Samir Abbasov rəhbərlik etdiyi qurum tərəfindən təşkil olunan Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində keçirilən tədbirlər haqqında məlumat verib. O, Azərbaycanın 30 il Ermənistan işğalı altında qalan torpaqlarının azad edildiyini, hazırda azad olunan ərazilərdə quruculuq işlərinin aparıldığını, habelə Özbəkistanın Azərbaycana göstərilən dəstəyini xüsusi qeyd edib.

S.Abbasov ikitərəfli əməkdaşlığı genişləndirmək məqsədilə Azərbaycan universitetləri ilə Qaraqalpaqstan universitetləri arasında əlaqələrin yaradılması, müəllim və tələbə mübadilələrinin həyata keçirilməsi, Azərbaycan jurnalistlərinin Qaraqalpaqstana mediaturunun, Qaraqalpaq incəsənət ustalarının Azərbaycana səfərlərinin təşkili, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, “İpək yolu ilə turizm” layihəsi çərçivəsində Azərbaycanla əlaqələrin yaradılması təklifləri ilə çıxış edib.

Q.Paşayeva Azərbaycan Dövlət Pedaqoji Universiteti və Xəzər Universiteti ilə Nukus Dövlət Pedaqoji Universiteti arasında əlaqələrin yaradılmasına, mədəniyyətlə bağlı müxtəlif tədbirlərin keçirilməsinə, Qaraqalpaqstan şairlərini Azərbaycana dəvət edərək ədəbiyyat günlərinin təşkilinə dəstək olacağını bildirib.

K.Sariyev Azərbycan nümayəndə heyətinin təkliflərini yüksək qiymətləndirib, o cümlədən Azərbaycan jurnalistlərinin Qaraqalpaqstana mediaturuna dəstək göstərəcəyini bildirib.

Sonda Qaraqalpaqstan hökumətinin rəhbərinə Azərbaycan nümayəndə heyəti tərəfindən xatirə hədiyyəsi təqdim olunub.