Xəbər verdiyimiz kimi, 20–24 oktyabr tarixində keçirilən 73-cü Frankfurt Beynəlxalq Kitab Yarmarkasında Azərbaycan da təmsil olunur. 80 ölkənin qatıldığı yarmarkada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə qurulan milli stendimizdə geniş çeşiddə nəşrlər yer alıb.

Sərginin ikinci günündə stendimizdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli çıxış edərək "Nizami Gəncəvi İli"ndə ölkəmizdə və xaricində böyük şairin irsinin tanıdılması ilə bağlı görülən işlərdən söz açıblar. Nizami yaradıcılığının hər dövrdə yenidən öyrənilməsinə və dünyada təbliğinə zərurət olduğu vurğulanıb.

Almaniyada yaşayan soydaşımız, yazıçı-publisist Orhan Aras müəllifi olduğu "Nizami Gəncəvinin aforizmləri alman dilində" kitabını və Nizami irsinin tədqiqatçısı Sevil Fuks alman dilində hazırladığı, dünya ədəbiyyat xadimlərinin Nizami ilə bağlı yazılarının toplandığı "Nizami nəsrdə və poeziyada. 1798-2021" kitabını təqdim ediblər. Hər iki nəşr "Nizami İli"ə töhfə olaraq təqdirlə qarşılanıb.

Almaniyadakı səfirliyimizin birinci katibi Elman Muradov, Mədəniyyət Nazirliyinin əməkdaşları İslam Hüseynov və Lalə Məmmədova milli stenddə Nizami Gəncəviyə və 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizə həsr olunan guşələr haqqında qonaqlara məlumat veriblər.

Tədbirin bədii hissəsində Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Tural və tədbirin aparıcısı İrem Karaboğa Nizaminin şeirlərini Azərbaycan və alman dillərində səsləndiriblər. Tədbir Almaniyada yaşayan azərbaycanlı musiqiçilərin ifaları ilə yekunlaşıb.