Müharibənin 28-ci günündə Azərbaycan Silahlı Qüvvələri cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində Ermənistan işğalçı qüvvələrinə qarşı döyüş əməliyyatlarını davam edib.

  • Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah-sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb, bir neçə dayaq məntəqəsi dağıdılıb, əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb və mühüm yüksəkliklər azad olunub.

  • Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi və Ağdərə istiqamətində uçuş keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Cəbrayıl rayonu istiqamətində “BZEZ” zərbə pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən aşkarlanaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

  • Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib.

  • Müdafiə Nazirliyi artilleriya bölmələrimizin hərbçilərinin döyüş əzmini və yüksək vətənpərvərlik ruhunu əks etdirən video yayıb. Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankını, 2 sığınacağını və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

  • Azərbaycan Ordusunun Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatlara qarşı mütəşəkkil müqavimət göstərə bilməyən və döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus və Qafan rayonları ərazisindən raket və artilleriya qurğuları ilə Laçın və Qubadlı ərazilərini güclü atəşə tutub. Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq cəbhənin müxtəlif istiqamətlərində əks-hücumu davam etdirir. Ermənilərin könüllülərdən ibarət dəstələri və döyüş texnikası məhv edilərək bir neçə vacib yüksəkliklər azad edilib. Peşəkar Azərbaycan Ordusu yalnız düşmənin silahlı birləşmələrini və legitim hərbi obyektləri hədəfə alır.

  • Ermənistan ordusu Goranboyda yaşayış məntəqəsinə iki ədəd "Smerç" raketi atıb. Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tutması nəticəsində oktyabrın 24-nə olan məlumata görə, 65 mülki şəxs həlak olub. Onların 18-i qadın, 10-u uşaqdır. Oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər ölüb, 138 nəfər yaralanıb. Bu barədə Baş Prokurorluq məlumat verib.