Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi “OFF CİNEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bürünc qəsr” mükafatına layiq görülüb.

19-24 oktyabr tarixində Polşanın Poznan şəhərində gerçəkləşən festivalın tammetrajlı sənədli filmlər müsabiqəsində “Sonuncu” ilə yanaşı 13 ekran əsəri yarışıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin təsvir rejissoru Polşadan dəvət olunmuş Mateuş Çuxnovskidir.

Film Xəzər dənizindəki Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə dənizdə suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəlir. Əhalinin əksəriyyəti adadan köçür. Daha orada heç kim yaşamır... 68 yaşlı Vitalidən başqa. O, adayla nəfəs alır. Son nəfəsini də bu adada verir – elə kamera qarşısında.

Xatırladaq ki, “Sonuncu” Polşada daha bir festivalda yarışacaq. Ekran əsəri 13-20 noyabr tarixində Torun şəhərində keçiriləcək 29-cu “EnergaCAMERİMAGE” Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqəsində də iştirak edəcək.