F.Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilən növbəti "nağıl saatı"nın qonağı tanınmış uşaq yazarı, ədəbiyyatşünas, professor Zahid Xəlil olub.

Paytaxtın M.Ə.Sabir adına 259, 229 nömrəli tam orta məktəbləri şagirdlərinin iştirak etdiyi görüşdə qocaman müəllif həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, yeni nəşr olunmuş “Dəmir yumruq” adlı kitabı haqqında da söz açıb. Kitabdan “Dəmir yumruq”, “Poladın igidliyi”, “Bayrağım” və s. vətənpərvərlik ruhlu şeirlərini oxuyub.

Zahid Xəlil şeirlərinin əksəriyyəti uşaqları əməyə, həyatın mənasını başa düşməyə, Vətəni sevməyə, dürüstlüyə və s. çağırır. Yazıçının mənzum nağılları, poemaları, nəğmə mətnləri, yanıltmac və tapmacaları balaca oxucular tərəfindən maraqla qarşılanır. Kitabları ölkəmizlə yanaşı, Rusiya, Sloveniya, Fransada, Almaniya və digər ölkələrdə çap olunub.

Görüşdə Zahid Xəlil uşaqlarla maraqlı diskussiyalar aparıb, onların suallarını cavablandırıb. Sonda xatirə şəkilləri çəkdirilib.