XIX əsr Azərbaycan ədəbiyyatında maraqlı, məzmunlu əsərləri ilə tanınan, ancaq az təbliğ olunan qələm sahiblərindən biri də şair, tərcüməçi və maarif xadimi Abbas ağa Nazirdir.

Lirik, satirik şeirləri, vətənpərvərlik ruhunda qəzəlləri, mənzumə və rübailəri ilə şeir-sənət xəzinəmizə töhfə verən Abbas ağa Nazir (1849-1919) görkəmli söz ustadı Molla Vəli Vidadinin nəvəsi, XIX əsrin əvvəllərində yaşayıb-yaratmış, dövrünün məşhur şairi Mirzə Nəbi Qayıbzadənin oğludur.

Abbas ağa uşaqlar üçün də əsərlər qələmə alıb. Müəllifin 1912-ci ildə qələmə aldığı “İki qardaş” uşaq poeması bu sahədə diqqətəlayiq nümunələrdəndir. Əsər kitabça şəklində Tiflisdə çapdan çıxıb. Poema müxtəlif xarakterli (biri ağıllı, zəhmətkeş, digəri tənbəl, avara) iki qardaşdan  bəhs edir.

Kitabın ilk nəşri 108 il sonra, 2020-ci ildə şairin nəslindən olan Rüstəm Nazir Qayıbov tərəfindən tapılıb. O, bu günlərdə kitabı Respublika Uşaq Kitabxanasına təqdim edib. Kitab oxucular dəyərli töhfə olmaqla yanaşı, kitabxana fondunu zənginləşdirmək baxımından xüsusi önəm daşıyır.