Oktyabrın 25-də milli kino və teatr sənətimizin inkişafında müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikovanın (1921-1992) 100 illik yubileyi tamam oldu.

Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində uğurla canlandırdığı müxtəlif rollarla tamaşaçıların rəğbətini qazanıb.

“Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?” filmində Nərgiz xala rolları aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilir.

Xalq artistinin 100 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Nəcibə Məlikova – 100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə görkəmli aktrisanın həyat və yaradıcılığı haqqında kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/el/vsb/Necibe_Melikova_100/index.htm linki vasitəsilə tanış olmaq mümkündür.