Özbəkistanda səfərdə olan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu ölkənin mədəniyyət naziri Azadbek Nazarbekov ilə görüşüb. Görüşdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru, səfirliyimizin birinci katibi Samir Abbasov, Xalq artisti Gülyanaq Məmmədova da iştirak ediblər.

Görüşdə ikitərəfli mədəni əlaqələr, Azərbaycanın muğam və Özbəkistanın makom sənətinin qarşılıqlı öyrənilməsi və tədqiqi istiqamətində fikir mübadiləsi aparılıb. Bu sahənin tədqiqatçıları arasında təcrübə mübadiləsi aparılması ilə bağlı razılıq əldə olunub.

Azadbek Nazarbekov bu yaxınlarda Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun Özbəkistana səfəri zamanı ikitərəfli əməkdaşlığa dair keçirilən görüşün faydalı olduğunu söyləyib, əlaqələrin inkişaf etdirilməsində Özbəkistandakı AMM-nin rolunu xüsusi qeyd edib.

Qənirə Paşayeva Azərbaycan ilə Özbəkistan arasında yüksək səviyyədə münasibətlərin qurulmasında dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin dostluğunun xüsusi rolu olduğunu qeyd edib.

Komitə sədri vurğulayıb ki, bu günlərdə Azərbaycan öz torpaqlarının işğaldan azad etməsinin bir illiyini qeyd edir və hazırda həmin torpaqlarda geniş quruculuq işləri aparılır.

S.Abbasov Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib, mərkəzin gördüyü işlər və perspektiv planlar haqqında söhbət açıb.

Söhbət əsnasında Özbəkistanın iki bölgəsində – Qaraqalpaqstanda və Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərindən də bəhs olunub, Şuşa və Xivə şəhərləri arasında "Qardaşlaşmış şəhərlər" haqqında müqavilənin reallaşdırılması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Sonda A. Nazarbekova "İrəvan xalçaları" kitabı və Azərbaycan xalçası hədiyyə edilib.