Oktyabrın 25-də dünya şöhrətli müğənni, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin (1942–2008) vəfatından 13 il ötdü. İldönümü ərəfəsində  Moskvada görkəmli musiqiçinin xatirəsinə həsr olunmuş “XX əsin Orfeyi” adlı təntənəli gecə keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Yaddaşların dalğalarında” layihəsi çərçivəsində baş tutan tədbir Moskva şəhərinin Troitski və Novomoskovsk inzibati dairələrinin Moskovski qəsəbəsi administrasiyasının, Şərqi Degunino rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin və Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Şərqi Degunino rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Həşim Əliyev, Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin idarə heyətinin sədri Elşən İbrahimov, Rusiya Yazıçılar Birliyinin üzvü, Müslüm Maqomayevə həsr olunmuş “Mənim uzun məhəbbətim” kitabının müəllifi Teyara Velimetova, Müslüm Maqomayevin qohumu, Azərbaycanın və Tatarıstanın Əməkdar mədəniyyət işçisi Nuriyyə Mansurova çıxış ediblər.

Tədbir azərbaycanlı, rus, tatar və qırğız mənşəli rusiyalı müğənnilərin ifasında Müslüm Maqomayevin repertuarından mahnıların səsləndirilməsi ilə yekunlaşıb.