Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə Bitlis vilayətinin Ahlat rayonunda ölkəmizin  44 günlük Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər bayramı mərasimi keçirilib.

Konsulluqdan verilən məlumata görə, əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Baş konsul Nuru Quliyev Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam etmiş işğalçılıq siyasətinin ağır nəticələri barədə müfəssəl məlumat verərək diqqətə çatdırıb ki, 2020-ci ilin 44 günlük haqq savaşında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yağı düşməni torpaqlarımızdan qovaraq şanlı qələbə qazanıb.

Naxçıvan Ali Məclisinin deputatı Elman Cəfərli çıxışında Vətən müharibəsində Zəfərə aparan yoldan və tarixi qalibiyyətin əhəmiyyətindən danışıb.

Bitlis valisi Oktay Çağatay, Ahlat icra nümayəndəsi Fikret Dağ və Ahlat Bələdiyyəsinin başqanı Abdülalim Mümtaz Çoban Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən söz açaraq işğal altındakı torpaqlarımızın yağı düşməndən azad olunmasının Türkiyədə də eyni iftixarla qarşılandığını vurğulayıblar.

Mərasim bədii proqramla başa çatıb.

Mehparə SULTANOVA
Ankara