Dünya kitab sənayesi öncüllərinin görüş yeri olan 73-cü Frankfurt Beynəlxalq Kitab Yarmarkası oktyabrın 24-də işini yekunlaşdırıb. Yarmarkada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin stendi də nümayiş olunub.

Tədbirin davam etdiyi 5 gün (20–24 oktyabr) ərzində Azərbaycan stendində milli mədəni irsin, kitab sənayesinin tanıtımı ilə bağlı görüşlər keçirilib, beynəlxalq tərcümə proqramlarının təcrübəsi bir daha öyrənilib və stendə baş çəkən mətbuat nümayəndələrinə müsahibələr verilib.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 23-də milli stenddə ölkəmizə dair yeni nəşrlərin təqdimatı olub.

Almaniyada çalışan azərbaycanlı jurnalist, yazıçı Vüqar Aslanov "İRS" jurnalının 2020-2021-ci illərdə Azərbaycan, ingilis və rus dillərində hazırladığı "Salam, Azərbaycan", "Gəncə. Nizami yurdu", Vətən müharibəsindən bəhs edən "Zəfər salnaməsi", Qarabağın dünənini və bu gününü əks etdirən "Qarabağın qara kitabı", "Ağac" nəşr evinin Azərbaycan və alman dillərində çap etdirdiyi "Cəlil Məmmədquluzadə. Hekayələr" kitabları haqqında qonaqlara məlumat verib.

Tədbir zamanı Almaniyada fəaliyyət göstərən azərbaycanlı müğənni Zahid Quliyev, kamança ifaçısı Atəş Quliyev və almaniyalı müğənni Dagmar Kuhn qonaqlar üçün milli musiqilərimizi səsləndiriblər.