Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik və beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev bu sözləri oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

“Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etdi və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlətimizin başçısı qeyd edib ki, Qubadlıdan sonra biz öz zəfər yürüşümüzü, zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.

Ali Baş Komandan bildirib ki, bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik: “Bizim şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq”.

Azərbaycan xalqının indiki və gələcək nəsillərinin şəhidlərimizlə həmişə fəxr edəcəyini vurğulayan dövlətimizin başçısı Vətən müharibəsində şəhid olmuş Qubadlı sakini, Milli Qəhrəman Şükür Həmidovu hərbçilərimiz, gənc nəsil üçün nümunə adlandırıb: “Ona görə bu gün Qubadlının azad olunmasının birinci ildönümündə mən Şükürün əziz xatirəsini xüsusilə yad etmək istəyirəm... Şəhidlərimizin xatirəsi əbədiləşdirilir və əbədiləşdiriləcəkdir. Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq, onların adı məktəblərə veriləcək. Artıq bu proses başlamışdır. Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən bu bölgədə – Qarabağ-Zəngəzur bölgəsində bütün bərpa işləri başa çatandan, küçələr salınandan, məktəblər tikiləndən sonra bu da olacaq”.