Füzuli Dövlət Dram Teatrı (Horadiz qəsəbəsi) uzun müddətli pandemiya qapanmalarından sonra yeni mövsümünə başlayıb. Kollektiv oktyabrın 25-də Akif Həsənoğlunun “Yaddaş” tamaşası ilə sənətsevərlərin görüşünə gəlib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsərində rolları Qaçaq Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Gülnar Hüseynova, Əli Hüseynov və başqaları ifa edir.
Tamaşa Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə həsr olunub. Səhnə əsəri Azərbaycan əsgərinin yüksək Vətən sevgisini və parlaq Qələbəsini əks etdirir. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.