Müharibənin 30-cu günündə cəbhənin müxtəlif istiqamətlərində uğurlu döyüş əməliyyatlarını davam etdirən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir sıra kəndlərini erməni işğalçılarından təmizləyib.

 

  • Prezident, Ali Baş Komandan İlham Əliyev oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi, eləcə də Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndlərinin işğaldan azad olunması ilə bağlı xalqa müraciət edib. Bu, Vətən müharibəsi gedişində sonra dövlət bacısının xalqa qalibiyyət müjdəli beşinci müraciəti idi.

  • Ali Baş Komandan Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.
     
  • Ermənistan silahlı qüvvələrinin bölmələri yeni humanitar atəşkəs rejimi qüvvəyə mindikdən bir neçə dəqiqə sonra – saat 08.05-dən etibarən onu kobudcasına pozaraq Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Qubadlı və Laçın istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Tovuz, Gədəbəy və Daşkəsən rayonlarını müxtəlif növ atıcı silahlardan, minaatanlardan və toplardan atəşə tutub. Saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərinə atəş açıb. Ümumilikdə gün ərzində Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb.
     
  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi sentyabrın 27-dən oktyabrın 26-sı saat 12:00-dək ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər xəsarət alıb, 2243 ev, 90 çoxmənzilli yaşayış binası və 402 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.