“Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq”


Yurd yerlərimizin otuz ilə yaxın işğalı dövründə bu ifadə çox dilə gəlmişdi: “Qarabağın açarı”. İllərlə boynumuza tale yükü olmuş Qarabağ dərdinə çarə qılmaq üçün dünya güclərindən, beynəlxalq təşkilatlardan mədəd umduq. İkili, üçlü standartlar dünyası bizə “Qarabağın açarı”nın gah bu, gah başqa böyük dövlətin əlində olduğunu təlqin edirdi... Oysa, hər şey öz əlimizdə idi...

2020-ci ilin 44 günlük haqq savaşında iki qardaş çiyin-çiyinə verib haqqımızı sökə-sökə geri aldıq. Bu gün azad Qarabağın açarı da, qardaşlıq taleyimiz, çiyin-çiyinə addımlayacağımız gələcəyimiz də öz əlimizdədir...


Füzuli Hava Limanı beynəlxalq statusunu təsdiq etdi

 

Oktyabrın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Qardaş dövlətin başçısının təyyarəsi bu dəfə paytaxt Bakıda deyil, Qarabağda, Qarabağın hava qapısı Füzuli aeroportunda yerə enib. Bu, bir anlamda həm də cəmisi səkkiz aya ərsəyə gəlmiş hava limanına həyata keçirilən ilk beynəlxalq reys idi.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rəcəb Tayyib Ərdoğanı hava limanında Prezident İlham Əliyev qarşılayıb.

Sonra Azərbaycan və Türkiyə prezidentləri hava limanının açılış mərasimində iştirak ediblər. Dövlət başçıları rəmzi açılışı bildirən lenti kəsiblər.

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Qarabağın hava qapısının açarları – bu, həm də Qarabağın rəmzi açarlarıdır...

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. AZAL-ın prezidenti Cahangir Əsgərov dövlət başçılarına görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək.

Beləliklə, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir.


Zəngəzur dəhlizinin təməli qoyuldu

 

Oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyulub.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar. Məlumat verilib ki, yolun uzunluğu 81 kilometrdir. Başlanğıcdan 50-ci kilometrədək 51 kilometrlik hissəni Azərbaycan şirkətləri, 50-ci kilometrdən 81-ci kilometrə qədər hissəni isə Türkiyənin “Kolin İnşaat” və “Çingiz İnşaat” şirkətləri işləyir.

Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar. Məlumat verilib ki, buradan Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir. İnşaat işlərinin 2023-cü ildə başa çatması nəzərdə tutulur. Avtomobil yolu Ermənistandan keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyədək davam edəcək.

 

Müharibədə birlikdə idik, bu gün də bir yerdəyik

 

Sonra dövlət başçıları Zəngilan rayonuna gəliblər. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” – toxum əkin və aqropark kompleksinin təməlini qoyublar.

Dövlət başçıları Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə də tanış olublar. Bildirilib ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək.

Zəngilanın Ağalı kəndində əsas tarixi hadisə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyənin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə nümayəndə heyəti Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Ağalı kəndində rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub. Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış ediblər.

“Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq, necə ki, bütün dövr, müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Türkiyə Prezidenti Azərbaycanın bütün dünyaya örnək olacaq bir model ilə bütün bölgəni inkişaf etdirmək niyyətini alqışlayaraq deyib: “Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməyə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmağa davam edəcəyik”.