Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbi qısa ömrü ərzində Azərbaycan musiqi xəzinəsinə incilər bəxş etmiş Asəf Zeynallının (1909-1932) anım günü (27 oktyabr) münasibətilə videoçarx hazırlayıb.

Videoçarxda qeyd edilir ki, öz xidmətləri ilə adlarını musiqi sənəti tariximizə əbədi həkk etmiş sənətkarlardan söz düşəndə birincilər sırasında Asəf Zeynallının da adı hörmətlə çəkilir. Nakam ömür yaşayan bəstəkar parlaq istedadı, musiqiyə sonsuz məhəbbəti, güclü həyat və sənət enerjisi sayəsində yeddiillik yaradıcılığı ərzində başqalarının on illərlə görə bilmədiyi işləri görüb, özündən sonra zəngin irs yadigar qoyub. Onun qərinələrin sınağından şərəflə çıxan, həmişə gənclik təravətini və sənət dəyərini saxlayan qiymətli yaradıcılığı musiqi mədəniyyətimizin parlaq səhifələrindən birini təşkil edir.

Bəstəkar haqqında videomaterial kitabxananın sosial şəbəkədəki hesablarında oxuculara təqdim olunub.