Yuğ Dövlət Teatrı yeni mövsümə premyera ilə başlayır. 29 oktyabr saat 19.00-da teatr rumıniyalı dramaturq Matey Vişnekin “Qoca kloun tələb olunur” pyesi əsasında hazırlanmış “Kloun Z” tamaşasını təqdim edəcək.
Tamaşa Yuğ Teatrının müvəqqəti məkanında – A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik səhnəsində göstəriləcək.
Feeriya-makabr janrında hazırlanmış tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır. Səhnə əsərində Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) və Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər.
Rejissor Mikayıl Mikayılov M.Vişnekin əsərinə fərqli quruluş verib, əsərdən fərqli olaraq, tamaşada klounlar qadınlardır.
Bu əhvalat kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. İş axtaran üç qoca kloun müsahibəyə gəldikləri gözləmə otağında rastlaşırlar. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar!.. Bu görüşün sevinci uzun sürmür. Çünki qoca kloun rolu üçün yalnız bir vakansiya təklif olunur. Tədricən üç köhnə dost müasir dövrün faciəvi döyüşçülərinə çevrilirlər. Hər biri var qüvvəsi ilə sağ qalmağa çalışır və özləri üçün illüziya yaradırlar ki, onları “böyük klounada sənətindən” qalan dəyərləri xilas etmək üçün çağırıblar.
Qoca klounlar sübut etməyə çalışır ki, hələ hər şey bitməyib, hələ də bu dünyada kiməsə gərəkdirlər.
“Kloun Z” tamaşasının növbəti nümayişi oktyabrın 31-də olacaq.